Afad Qurbanov nümunəvi ailə başçısı kimi

Hər bir yaradıcı insanın uğur qazanmasında ailəsinin böyük rolu var.

Afad Qurbanov


Elm və mədəniyyətimizin inkişafı sahəsindəki coşqun və yorulmaz fəaliyyəti, gərgin ictimai xadim kimi çoxcəhətli işi ilə seçilən Afad Qurbanovun bütöv şəxsiyyət simasını onun nümunəvi ailə başçısı olması əsaslı şəkildə tamamlayır. Yetirmələri üçün ideala çevrilmiş bu insan ailədə də nümunəvi bir həyat yoldaşı və ata olmuşdur.


Böyük mütəfəkkir, filosof N.Tusi “Əxlaqi-Nasiri” əsərində deyir: “Elm sahiblərini elmlərinin çoxluğu ilə deyil, əməllərinin faydalığı, əxlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə sınaqdan keçirmək lazımdır”. Afad müəllim alim kimi əvəzsiz, insan kimi əxlaqlı və saf, azərbaycanlı vətəndaş kimi xeyirxah, mərd, Şahdağ kimi uca və əyilməz idi. Beş övladını da belə görmək istəyirdi.


Afad Qurbanovun əsl ziyalı alim təbiəti onun ailəsinə də sirayət etmişdi. O, ömür-gün yoldaşı Zəhraxanımla zamanımız üçün yüksək dəyərli, öz atalarına layiq beş övlad tərbiyə edib böyütmüşlər. Ailənin üç oğul və iki qız övladı orta məktəbi medalla, universitetləri isə fərqlənmə diplomu ilə bitirmişlər. Böyük oğlu və qızı Fuad və Fərəh tibb elmləri doktoru, ortancıl oğlu Rəşad hüquq elmləri doktoru, professor, kafedra müdiri, kiçik oğlu Ramin hüquq elmləri (ü.f.) doktorudur. Uşaqlarından yalnız kiçik qızı, filologiya elmləri (ü.f.) doktoru Fidan atasının elmi yolunun davamçısıdır.



Zəhraxanım QURBANOVA,

həyat yoldaşı,

tibb elmləri namizədi, dosent


Afad müəllim ağır təbiətli, səbirli insan idi. O, uşaqlarının tərbiyəsinə və təhsilinə xüsusi diqqət yetirirdi. Bunun nəticəsində uşaqlar orta məktəbi medalla, ali məktəbi isə qırmızı diplomla bitirdilər, elmlər namizədi, elmlər doktoru, dosent və professor adlarına layiq görüldülər.


Mən Tibb İnstitutunda oxuyarkən biz evləndik. Evlənməyimiz böyüklərin məsləhəti, xalqımızın adəti ilə oldu. Mən Afad müəllimlə 46 ildən artıq birgə həyat sürmüş və bu illərdə onu müsbət tərəfdən tanımışam. O, ailəsinə, uşaqlarına, qohum-əqrəbasına, el-obasına qarşı çox mehriban və diqqətcil idi.


Ailəmizdə 5 uşaq var idi. Böyük oğlumuzla ikinci oğlumuz arasında 1 il 3 ay fərq olduğundan birotaqlı evimiz həmişə səs-küylü idi və Afad müəllim bu səsin-küyün içində yazır-yaradırdı.


Afad müəllimin əsl adı Alıfuad idi. Böyük oğlu anadan olanda Afad müəllim dedi ki, mən öz adımın yarısını ona verirəm, beləliklə, böyük oğlumuzun adını Fuad qoyduq. İkinci oğlan anadan olanda Afad müəllimin yaxın dostu – professor Əziz Əfəndizadə onun adını Rəşad Nuri Güntəkinin şərəfinə Rəşad qoydu. Tələbəlikdən Rəşad Moskva şəhərində yaşayır və işləyir.


Üçüncü uşağımız Fərəh Afad müəllim müdafiə etdikdən bir həftə sonra dünyaya gəlmişdir. Müdafiə ilə əlaqədar təşkil olunmuş banketə yığışan qonaqlar arasında Ləzifə xanım və Ağəli dayı Əliyevlər də var idi. Onlar arzu etdilər ki, Afad müəllimin Bakıda səfərdə olan İran şahının həyat yoldaşı Fərəh xanım kimi gözəl qızı dünyaya gəlsin və adını Fərəh qoysunlar. O vaxtlar 5 saylı doğum evinin baş həkimi Şamama xanım Əliyeva idi. Bu tədbirdən sonra Ağəli dayı Şamama xanıma zəng edərək demişdi ki, biz qız gözləyirik, adını da Fərəh xanım qoymuşuq. Şamama xanım təəccüblənərək demişdi ki, hər cür tapşırıq görmüşdüm, amma beləsini görməmişdim. Elə oldu ki, qız anadan oldu, adını da Fərəh qoydular, müəyyən vaxtdan sonra isə Fərəh həmin doğum evinin baş həkimi vəzifəsində çalışdı.


Dördüncü uşağımız Fidandır. O, atasına çox bağlı idi və kiçik yaşlarından atasının yazı masasından ayrılmırdı. Hər şeyi atası ilə məsləhətləşirdi və çox istəyirdi ki, atasına bənzəsin. Afad müəllimi Türkiyəyə konfransa dəvət etdilər. Fidan elmlər namizədi idi. Dedim ki, Fidanın da adını öz məqaləsinə əlavə etsin. Razılaşmadı, dedi ki, mən heç bir məqaləni kiminləsə şərik yazmamışam. Fidan da əziyyət çəksin, otursun, özü yazsın. Mən çox incidim, amma nə etmək olardı, o, razılıq vermədi.


Sonbeşiyiniz isə Ramindir. Afad müəllim Ramini çox istəyirdi, qoymurdu ki, ona bir kəs söz desin. Deyirdi ki, Ramin hər şeyi düz edir, böyüyəndə daha etməyəcək. Bilmirəm sonbeşik olduğuna, yoxsa nəyə görə Afad müəllimdə belə bir fikir var idi.


Afad müəllim hər dəqiqə övladlarına acıqlanmazdı, heç bir zaman uşaqlara bacı-qardaşlarının yanında söz deməzdi. Bəzən uşaqların hərəkətlərində nə isə xoşuna gəlmirdisə, o, onları öz iş otağına çağırar və təklikdə nə isə danışdıqdan sonra onlar otağından pərişan, qızarmış vəziyyətdə çıxırdılar.


Afad müəllim həmişə uşaqlarına deyirdi ki, gərək oxuyasınız, özünüzə yol tapasınız, alim olasınız, çünki alimlik həyatda əsasdır. Hansı sənət olur-olsun, – istər hüquqşünaslıq, istər həkimlik, dilçilik, – fərqi yoxdur, gərək həmin sahənin bilicisi olasan, həmin sahə üzrə alim olasan. Uşaqlar da atalarının sözünə çox fikir verirdilər, öz üzərlərində çalışır və atalarına bənzəmək istəyirdilər.


Mən həmişə Afad müəllimə deyirdim ki, görürsən, övladların sənə bənzəməyə çalışırlar. O da deyirdi ki, əsas insan olsunlar, həmişə yaxşılıq etsinlər ki, sonra öz əməllərindən utanmasınlar.


Afad müəllim çox xeyirxah insan idi. O deyirdi ki, pisliyə qarşı da yaxşılıq etmək lazımdır. Mən bəzən soruşurdum ki, bu necə ola bilər? Bu insanın mənfi işləri varsa, necə, niyə çalışırsan ki, bu adama yaxşılıq edəsən?! Deyirdi: “Elə bu yaxşılıq onu düz yola gətirəcək. Pisliyə qarşı həmişə yaxşılıq etmək lazımdır”.


Sentyabrın 25-də Afad müəllim müdafiədən qayıtdı, çox yüksək ovqatda idi, dedi ki, müdafiə yaxşı keçdi, yeməyini yedi, dincəldi, sonra yazı masasının arxasına keçdi, saat 24.00-dək işlədi. Sonra dedi ki, növbəti kitabını bitirdi, “Çapa hazırdır” yazdı, tarixini də qeyd edib qol çəkdi. Sentyabrın 26-sı səhər saat 07.55-də Afad müəllim oyandı, mənə “Sabahın xeyir” dedi. Bir 10 dəqiqə keçəndən sonra başımı Afad müəllim tərəfə çevirdim, nə isə soruşmaq istədim. Gördüm ki, Afad müəllim ağrısız, şikayətsiz, qəflətən dünyasını dəyişib, nə mənə bir söz dedi, nə şikayəti, nə ağrısı oldu.


Afad müəllim qəflətən dünyasını dəyişdi. Bu bizə çox böyük itki oldu – qızlarına, oğlanlarına, qohumlarına... Qardaşı Səlim müəllim ondan 50 gün qabaq rəhmətə getmişdi. O, çox fikir çəkirdi, mənə elə gəlir ki, bunun da onun qəflətən dünyasını dəyişməsinə təsiri oldu.


Mən fəxr edirəm ki, Afad müəllimin həyat yoldaşıyam, fəxr edirəm ki, o, həyatda belə bir iz qoyub gedib, uşaqlarına yaxşı tərbiyə və təhsil verib. Afad müəllim elə hörmət qazanıb ki, bu hörməti biz hər yerdə hiss edirik. O, səksən illik ömrünün 60 ilini Azərbaycan dilinin qorunmasına, təbliğinə və inkişaf etdirilməsinə, Azərbaycan xalqına xidmətə həsr etdi.



Fuad QURBANOV,

oğlu, tibb elmləri doktoru


Elə bir gün gəlib ki, mən atam haqqında keçmişdə danışmalıyam. Bu, mənim üçün asan deyil, çünki o, bizim ailənin, nəslin başçısı olmaqla bərabər, həm də tanınmış elm xadimi olmuşdur.


A.Qurbanovun cəmiyyətdə qazandığı hörmət, elmə verdiyi töhfələr onun övladı olmaq məsuliyyətini daha da artırır. Mən ailənin ilk övladı olaraq qeyd etmək istərdim ki, hər birimiz onunla fəxr edirdik və ona hər cəhətdən bənzəmək arzusundaydıq. Atamız övladlarının cəmiyyətdə layiqli yer tutmasına, seçdiyi peşənin mükəmməl bilicisi olmasına daim can atmış və bu istiqamətdə səylərini əsirgəməmişdir. O, bütün övladlarına daim irəliləməyi, çalışmağı, xalqa ləyaqətlə xidmət göstərməyi təlqin etmişdir.


Beş uşaq böyüyüb beş evə çevrilmişik və atamızın yolunu davam etdirərək öz ailələrimizdə də onun yaratdığı nizam-intizam və qoyduğu qayda-qanunu tətbiq etməyə çalışırıq.


Azərbaycan ziyalılığının ən yaxşı əlamətlərini, keyfiyyətlərini özündə cəmləşdirən, bütün həyatı boyu insanlıq məziyyətlərini qoruyub saxlayan atamızın, görkəmli dilçi alimin məsləhətlərinə və tövsiyələrinə daim həm ailə üzvlərinin, həm də yetirmələrinin – alimlər və müəllimlər ordusunun ehtiyacı olacaq, onun kitabları minlərlə tələbə – gələcək nəsillər tərəfindən oxunacaqdır.



Rəşad QURBANOV,

oğlu, hüquq elmləri doktoru,

professor


Hamımız gec və ya tez bu dünyanı tərk edirik. Atamızın əbədi olaraq yaşayacağı hissi, məncə, hər bir insanda olduğu kimi, bizi də tərk etmirdi. Hər zaman zəng vurub həyatımızın istənilən məsələsinə dair məsləhət almaq mümkün idi və biz atamıza daima müraciət edərdik. Atamız hər bir övladının problemi ilə həmişə yaxından maraqlanar və məsələnin həll olunması üçün öz məsləhətlərini əsirgəməzdi. Bəzən zəng vurmaq, məsləhət almaq ehtiyacı duyursan, lakin dərk edirsən ki, müraciət edəcəyin insan artıq bu həyatda yoxdur.


Atamız ailəmizin, bütün qardaş və bacılarımın cəmiyyətdə lazımi yer tutması üçün əlindən gələni etmişdi. O, hər bir övladına mükəmməl təhsil vermiş, onların istədikləri peşəyə yiyələnməsinə şərait yaratmışdı.


Atamız bizə fəxr ediləcək soyad verməklə bərabər, həm də bu soyada layiq olmaq məsuliyyətini üzərimizə qoymuşdur. Biz bu soyadı qorumaq və şərəflə daşımaq üçün əlimizdən gələn bütün xeyirxah əməlləri əsirgəməməliyik.


Hətta Moskva şəhərində Elmlər Akademiyası sistemində çalışdığım zaman mən SSRİ Elmlər Akademiyasında atamla işləmiş insanlarla tez-tez görüşürdüm və bu, üzərimə müəyyən öhdəliklər qoyurdu.


Mən qardaş və bacılarıma bir daha mənsub olduğumuz soyadın üzərimizə qoyduğu məsuliyyəti dərk etmək, atamızın öz ölkəsinə, xalqına, ailəsinə, nəslinə, el-obasına və ətrafındakılara elədiyinin, heç olmazsa, bir hissəsini görməyi arzu edirəm.



Fərəh QURBANOVA,

qızı, tibb elmləri doktoru


Bu gün ailəmizdə yaxşı nə varsa, biz atamıza borcluyuq. Çünki qazandığımız uğurları atamızın bizə dəstək olması nəticəsində əldə etmişik. Onun ailədə verdiyi nəsihətlər bizim cəmiyyətdə yer tutmağımıza çox kömək etmişdir.


Ən çox yadımda qalan bir hadisə var. Mən məktəbi bitirdiyim gün qızıl medal aldığıma görə Məzun günündə çıxış etməli idim, evdə demişdim. Böyük bir universitetin rektoru idi, amma vaxt tapıb gəlmişdi, mənə isə deməmişdi. Mən atamı görəndə sevindim, çıxışıma daha da məsuliyyətlə yanaşdım. Bilirdim ki, mənə baxan həm görkəmli alim, həm də övladlarını çox sevən, hər işində uğurunu görmək istəyən atadır.


Deyirlər ki, ata övladlarının məsləhət yeridir. Mən o biri uşaqlarla bir yerdə bunu daim hiss etmişəm. Bir vaxt ailəmizdə tək alim olmuş, əvvəl anamızı, sonra isə beş övladını elmi yola yönəltmiş, bir müəllim, bir alim kimi bizə həm örnək, həm dəstək olmuşdur.


Mən atamdan təmkinli və intizamlı olmağı öyrənmişəm, bu da mənə həkimliyimdə çox kömək edir. Yadıma gəlir ki, ilk opponent rəyi verəndə, ilk dissertantlarım olanda da atamın tövsiyələri ilə hərəkət etmişəm. Mən bacı və qardaşlarım ilə birlikdə atamızın sevincinə səbəb ola biləcək daha böyük uğurların əldə olunmasına bundan sonra daha da əzmlə çalışacağam ki, ruhu şad olsun.



Fidan QURBANOVA,

qızı, filologiya elmləri doktoru


Gözümüzü açandan, istər-istəməz, atamızın elmi söhbətlərinin şahidi olmuşuq. O, elmi əsərlərini evdə, yazı masası arxasında ərsəyə gətirmişdir. Mən tez-tez onun kitablarını, əsərlərini nəzərdən keçirirdim. Elə yəqin ki, bütün bunlar mənim də dilçiliyə olan meylimi formalaşdırmışdır. O, heç birimizin ixtisas seçiminə qarışmazdı, mane olmazdı. Hansı məsələ ilə müraciət edərdiksə, bizi çox təmkinlə dinləyər, sonra isə müdrik məsləhətlərini verərdi. Mən Afad müəllim kimi bir alimin davamçısı olmaq məsuliyyətini dərk edirdim. Hiss edirdim ki, müsbət elmi nəticələr böyük, gərgin zəhmətin sayəsində əldə edilir. Böyük alim kimi tanınan Afad müəllim məndə kişi idealının formalaşmasında da bir örnək oldu.


Mən gözümü açıb sevimli ata və müdrik ailə başçısı görmüşəm. O, ailədə mövcud hörmət, mülayimlik, qadına məhəbbət, övladlarına tükənməz qayğı göstərən bir ata idi. Ailəmizdə böyüyən 5 uşaq artıq beş ailəni təmsil edir. Özümü xoşbəxt sayıram ki, mən belə gözəl ailədə böyümüşəm, sevimli elm sahəsini seçmişəm. Məhz bütün bunlara görə mən atama, yalnız atama borcluyam.



Ramin QURBANOV,

oğlu, hüquq elmləri doktoru


Mən ailəmizin sonbeşiyiyəm və mənə valideynlərimlə birgə yaşamaq şansı, atamla daha çox ünsiyyətdə olmaq imkanı nəsib olmuşdur. Ailədə atamız hər bir övladının təhsilinə və tərbiyəsinə, onların cəmiyyətdə savadlı, layiqli şəxsiyyət kimi formalaşmasına xüsusi diqqət yetirmişdir.


Mən atamı alicənab, əməksevər, əqidəli, istedadlı, sözündə və əməlində bütöv, gözütox, millətini, vətənini, ana dilini sevən, onun yolunda hər cür fədakarlığa hazır bir elm fədaisi kimi tanımışam. O, həmçinin bizim üçün əvəzolunmaz, ideal, qayğıkeş, 5 övladının hər birini oxumağa, elm dalınca getməyə sövq edən, bizə təmizliyi, düzgünlüyü, əyilməzliyi öyrədən bir ata olmuşdur.


Atamızın mərdliyi, məğrurluğu, əyilməzliyi, ailəsinə, xanımına, təmasda olduğu hər şəxsə tələbkarlığı və eyni zamanda, qayğıkeşliyi hamını valeh etmiş və onu tanıyan hər kəs Afad müəllimdən bu xüsusiyyətləri əxz etməyə çalışmışdır. Mən bir oğul kimi ona bu cəhətdən bənzəmək arzusundayam və buna nail olsam, özümü xoşbəxt insan hesab edərəm.


Həyatımı gözümün önündən keçirirkən mən atamı həmişə tələbkar, alicənab, ağır təbiətli bir insan kimi görürdüm, tanıyırdım. Lakin son illər ərzində mənə onunla daim ünsiyyətdə olmaq imkanı nəsib oldu və o mənimlə fikir mübadiləsi aparmaq, öz həyat təcrübəsini bölüşmək imkanı verdi.


Atam Afad Qurbanov görkəmli alim və ictimai xadim olmaqla bərabər böyük bir ailənin başçısı, böyük bir nəslin ağsaqqalı olmuşdur. Məni və qardaş-bacılarımı daim düşündürən bir sual vardır: biz kimin övladıyıq və hansı məsuliyyəti daşıyırıq? Bu barədə düşünərkən hər birimiz, ilk növbədə, Afad Qurbanovun övladı olmaqla fəxr edir, qürur duyuruq, eyni zamanda, dərk edirik ki, hər anımızda, addımımızda bizə örnək olan atamızın tövsiyəsini, nəsihətini rəhbər tutmalıyıq, onun Azərbaycan xalqına verdiyi töhfələrin, heç olmazsa, bir hissəsinə bərabər işlərin görülməsinə nail olmalıyıq. Hər birimiz atamızın adının uca tutulması və daim yaşaması üçün əlimizdən gələni edirik və edəcəyik.