Azərbaycanda təhsilin təşkilində Afad Qurbanovun rolu

Afad Qurbanov Azərbaycanın təhsil sahəsində təhsil təşkilatçısı kimi də tanınmışdır. O, 1969-cu ildən Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi və Maarif Nazirliyinin Elmi-Metodik Şuralarının sədr müavini, sonradan Azərbaycan Təhsil Nazirliyinin Təhsil Problemləri üzrə Elmi-Metodik Mərkəzinin və əksər komissiyaların üzvü kimi ölkədə təhsilin təşkili və təkmilləşdirilməsi sahəsində xeyli iş görmüşdür.

 

A.Qurbanovun fəaliyyətinin mühüm bir hissəsini ali məktəb pedaqogikası və metodikası təşkil etmişdir. Onun bir müddət orta məktəbdə, uzun müddət isə ali məktəbdə çalışması yaradıcılığında xüsusi bir iz qoymuşdur. Alimin nəşr etdirdiyi «Dilçilikdən kurs və diplom işləri», «Məktəb islahatı və pedaqoji təhsil problemləri», «Kurator və tələbə», «Dilçilikdən xüsusi kurs və seminarlar», «Müasir dil fənlərinin tədrisi problemləri» adlı kitabları müəllimlər üçün faydalı vəsaitlərə çevrilmişdir. Onun bu əsərlərinin elmi-pedaqoji dəyərini artıran ən mühüm amillərdən biri onun yaradıcılığı ilə pedaqoji fəaliyyəti arasında üzvi vəhdətin olması, onların bir-birini tamamlamasıdır. Məhz bu keyfiyyətlər prof. A.Qurbanovun ali məktəb pedaqogikası sahəsində yazdığı əsərləri yüksək elmi-pedaqoji dəyərə malik mənbələr səviyyəsinə yüksəldir.

 

A.Qurbanovun 1962-2009-cu illər ərzində ali məktəblər üçün ümumi, Azərbaycan və türk dilçiliyi ilə bağlı tərtib etdiyi tədris proqramları və çalışmalar xüsusilə diqqəti cəlb edir. Bu proqram və çalışmalardan ali məktəblərdə uzun illərdir ki, geniş istifadə olunur, müəllimlər və tələbələr onlardan dəyərincə faydalanırlar. A.Qurbanovun hazırladığı tədris proqramları (pedaqoji universitetlər üçün bakalavr hazırlığı üzrə Azərbaycan ədəbi dili tarixi; Dilçiliyin tarixi; Ümumi toponimika; Dilçiliyə giriş; Bədii mətnin linqvistik təhlili; Türkoloji dilçilik; Türk dillərinin müqayisəli morfologiyası; Azərbaycan dilinin üslubiyyatı; Azərbaycan dialektologiyası; Azərbaycan nitq mədəniyyəti; Azərbaycan onomalogiyasının əsasları; magistr hazırlığı üzrə Türkoloji dilçiliyin aktual problemləri; Azərbaycan dilçiliyinin müasir problemləri; Türkoloji dilçiliyin tarixi, Ümumtürk antroponimiyasının əsasları, Dilçiliyin sahələri və s.) və çalışmalar (onomastik, semantik, derivatoloji, frazeoloji, leksikoloji çalışmalar) Azərbaycan dilinin, ümumi və türk dilçiliyinin müəyyən sistem və ardıcıllıqla, elmi əsaslarla öyrənilməsində əhəmiyyətli rol oynamışdır. Həmin proqramlarda dilçiliyin tədrisi sahəsində mövcud olan dolaşıq, mübahisə doğuran məsələlər dürüstləşdirilmiş, onlara aydınlıq gətirilmişdir. Beləliklə A.Qurbanov 45 ildən artıq bir müddət ərzində ölkədə təhsilin təşkilinə öz tarixi töhfəsini vermişdir.

 

A.Qurbanov ilk dəfə olaraq respublika ali məktəblərində tədris olunan dilçilik fənlərini qruplaşdırmış və onların tədrisində bir sistem yaratmağa nail olmuşdur. O, dilçilik fənlərini iki böyük qrupa ayırmışdır: ümumdilçilik fənləri (ümumi dilçilik və dilçilik tarixi); və xüsusi dilçilik fənləri (tarixi-linqvistik fənlər, müasir dil fənləri, üslubi linqvistik fənlər, ortoloji linqvistik fənlər).

 

Məlumdur ki, hər bir tədris fənni müəyyən zərurət və ehtiyac əsasında, uzun illərin təcrübəsi, zəngin nəzəri düşüncə və müddəalara cavab kimi yaranır. A.Qurbanovun ali məktəblərdə tədris olunan bir çox dilçilik fənlərinin (ümumi dilçilik, türkoloji dilçilik, Azərbaycan nitq mədəniyyəti, bədii mətnin linqvistik təhlili, onomalogiya və s.) müəyyənləşdirilib formalaşdırılmasında müstəsna xidmətləri olmuşdur.

 

Keçmiş Sovetlər ölkəsində 50-ci illərdən başlayaraq «Ümumi dilçilik» dərsliyi, bir qayda olaraq, Moskvada yazılar, «Dilçiliyə giriş»in davamı kimi son kursda tədris olunardı. Uzun müddət dilçilik sahəsində araşdırmalar aparan, mühazirələr oxuyan A.Qurbanov hər dil ailəsinə uyğun «Ümumi dilçilik» fənninin tədrisini vacib saymış, öz dövrü üçün cəsarətli addım ataraq fənnin tədrisi üçün əvvəlcə proqram, sonra da «Ümumi dilçilik» fənninin pedaqoji institutlar üçün variantını hazırlamışdır. «Ümumi dilçilik» kitabı ümumi dilçilik məsələlərinə dair Azərbaycan dilində yazılmış ilk dərslik olmuşdur. Dərslikdə seçmə-sistemləşdirmə prinsipi əsas götürülmüşdür.

 

Afad Qurbanov iki cilddən ibarət «Müasir Azərbaycan ədəbi dili», «Ümumi dilçilik», «Bədii mətnin linqvistik təhlili» dərsliklərinin, habelə rus məktəblərinin XI sinfi üçün «Azərbaycan dili» dərsliyinin müəllifi kimi respublikanın bütün təhsil işçilərinə yaxşı tanışdır. O, ADPU-da dekan, rektor və kafedra müdiri vəzifələrində işlərkən ali məktəbdə dilçilik fənlərinin tədrisi keyfiyyətini daim yüksəltməyə çalışmış, bu sahədə bir çox elmi-metodik məqalə və kitablar nəşr etdirmişdir.

 

Keçirdiyi elmi konfranslar, simpoziumlar, təcrübi məşğələlər, yazdığı dərsliklər, dərs vəsaitləri, praktikumlar, metodik göstərişlər, çalışmalar, tədris proqramları Azərbaycan dilinin, eləcə də ümumi və türkoloji dilçiliyin müəyyən sistem və ardıcıllıqla, elmi əsaslarla öyrədilməsində əhəmiyyətli rol oynamışdır.

 

Afad Qurbanovun təşəbbüsü və səyi nəticəsində 1984-cü ildə «Respublikanın ali məktəblərində Azərbaycan dilinin öyrənilməsinin təkmilləşdirilməsi» mövzusunda ilk geniş elmi konfrans keçirilmişdir. Konfransda A.Qurbanov «Respublikanın ali məktəblərində Azərbaycan dilinin öyrənilməsinin vəziyyəti və əsas vəzifələri» mövzusunda əsas məruzə ilə çıxış etmişdir.

 

Sonrakı dövrdə Afad Qurbanovun şəxsi təşəbbüsü və təşkilatçılığı ilə Pedaqoji Universitetdə ayrı-ayrı fənlərə dair ümumrespublika elmi seminarlar, elmi-metodik və elmi-praktik konfranslar, müşavirələr mütəmadi olaraq keçirilmiş və onların materialları «Azərbaycan dili tədrisi metodikasının təkmilləşdirilməsi problemləri» (1983), «Azərbaycan dili» (1984), «Azərbaycanda məktəb və pedaqoji fikir tarixinin aktual problemləri» (1984), «Musiqi estetik tərbiyə vasitəsidir» (1984), «Dilçilik fənlərinin tədrisi metodikası» (1987), «Yenidənqurma və qiyabi təhsil məsələləri» (1988), «Azərbaycan ədəbiyyatşünaslığının aktual məsələləri» (1988), «Yenidənqurma və Azərbaycan dili məsələləri» (1988), «Ümumdilçilik fənlərinin tədrisi problemləri» (1989), «İnstitut və kompüterləşdirmə problemləri» (1989), «Üslubi-linqvistik fənlərin tədrisi problemləri» (1991), «Ortoloji-linqvistik fənlərin tədrisi problemləri» (1994), «Tarixi-linqvistik fənlərin tədrisi problemləri» (1994) və s. adlar altında dərc olunmuşdur.

 

80-ci illərdə professor Afad Qurbanov ali pedaqoji təhsilin inkişafına Azərbaycan Pedaqoji İnstitutunun rektoru, Azərbaycan Ali Məktəbləri Rektorlar Şurasının Rəyasət Heyətinin üzvü işlədiyi dövrdə daha çox diqqət yetirmişdir. O, bu sahədə xüsusi təşkilatçılıq qabiliyyəti nümayiş etdirməklə yanaşı, Azərbaycanda ali pedaqoji təhsilin bir çox spesifik nəzəri problemlərini şərh etmişdir.

 

Eyni zamanda, Afad Qurbanovun 90-cı illərdə ölkədə özəl təhsil müəssisələrinin yaradılmasında xidmətləri olmuş və onun başçılıq etdiyi xüsusi komissiya tərəfindən bu gün uğurla təhsil sistemimizdə fəaliyyət göstərən bir sıra özəl institut və universitetlərin (Qərb Universiteti və s.) fəaliyyətinə icazə verilmişdir.

 

A.Qurbanov elm və təhsilin inkişafındakı xidmətlərinə görə ölkə başçısı və Təhsil Nazirliyi tərəfindən dəfələrlə fəxri fərmanlara, müxtəlif təltiflərə layiq görülmüşdür.