Professor Afad Qurbanovun elmi yaradıcılığında dialektoloji tədqiqatlar

Görkəmli türkoloq, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Afad Qurbanovun Azərbaycan dilçiliyinin inkişafında xüsusi rolu olmuşdur. Milli dilçiliyimizin elə bir sahəsi yoxdur ki, professor A.Qurbanov orada öz sözünü deməmiş, fikrini bildirməmiş olsun. Müasir Azərbaycan ədəbi dilinin fonetikası, leksikologiyası, frazeologiyası, leksikoqrafiyası və derivatologiyasının sistemli tədqiqi məhz professor A.Qurbanova məxsus olmuşdur. Ölkəmizdə Azərbaycan dilinin onomalogiyasının elmi tədqiqi də A.Qurbanovla başlamışdır.

 

Akademik Afad Qurbanovun elmi yaradıcılığında dialektologiya məsələləri də müəyyən araşdırılma predmeti kimi diqqəti cəlb etmişdir. O, dialektoloji axtarışlarda öz sözünü demiş, bu sahədə düzgün araşdırmanın yeni istiqamətini müəyyənləşdirmişdir. Alimin 2001-ci ildə çap olunmuş «Cücəkənd şivəsi» və 2007-ci ildə nəşr edilmiş «Qərbi Azərbaycanın Cucikənd şivəsi» kitablarında Cucikəndin şivəsi təhlil olunaraq xarakterik xüsusiyyətləri açıqlanmış, bu şivəyə məxsus spesifik dialektizmlərdən nümunələr verilmiş, həmin şivənin fonetik dil xüsusiyyətləri, leksik səciyyəsi və s. cəhətlər aydınlaşdırılmışdır.

 

Kitablarda müasir Azərbaycan linqvo-filologiyasının dialektoloji tədqiqat sahəsinin genişləndirilməsi zərurətindən danışılmış, ləhcə, dialekt və şivə anlayışları bir-birindən fərqləndirilmiş, dialektoloji araşdırmanın yeni istiqaməti müəyyənləşdirilmiş, öncə dialekt və şivələrin fonetikası və leksikasının, daha sonra qrammatikasının öyrənilməsi daha məqsədəuyğun hesab edilmişdir.

 

Professorun fikrincə, dialekt və şivələr araşdırılarkən ərazidə yaşayan əhalinin etnik tərkibi, tayfaların danışığı nəzərə alınmalıdır. İndiyə qədər dialektoloji araşdırmalarda bu ümdə məsələ diqqətdən kənarda qalmışdı. Müəllif ilk dəfə bu ideyanı irəli sürmüş, dialektoloji araşdırmanın yeni istiqamətini də müəyyənləşdirmiş və dialektoloji terminlərin düzgün işlədilməsinə aydınlıq gətirmişdir.

 

Bundan başqa, Afad Qurbanov Quba dialektinin Əmsar kənd şivəsi üzərində də tədqiqatlar aparmış, maraqlı fikir və mülahizələr söyləmişdir. Alimin həm Cucikənd, həm də Əmsar kənd şivəsi haqqındakı araşdırmaları son olaraq 2009-cu ildə çap edilmiş «Azərbaycan dilçiliyi problemləri» kitabının II cildində və «Quba dialektinin Əmsar kənd şivəsi» kitabında öz əksini tapmışdır.