Afad Qurbanovun ictimai-siyasi fəaliyyəti

Görkəmli şəxsiyyətlər, böyük alim və mütəfəkkirlər elə insanlardır ki, onlar aparıcı qüvvə kimi daim cəmiyyət həyatının problemləri ilə yaşayır, xalqın, vətənin rifahını əsas götürərək bu problemlərin həllində yaxından iştirak etməyə çalışırlar. Əsl vətəndaş, alim xalqın arzu və istəklərinin həyata keçməsində heç vaxt əməyini əsirgəmir, var qüvvəsi ilə işin həllinə xidmət göstərir. Bu keyfiyyətlər məhz görkəmli ictimai xadim Afad Qurba-novun başlıca cəhətlərindən idi.

 

Afad Qurbanov ictimai işlərlə məşğul olmağa hələ gənc yaşlarından başlamış və Böyük Vətən müharibəsi zamanı qələbə ümidi ilə arxa cəbhədə böyük işlər aparmışdır. Kütlələr arasında təbliğat və təşviqat işləri ilə yanaşı, hərbi quruculuq məsələlərində də ciddi fəaliyyət göstərmişdir. Hələ o zaman gənc vətənpərvərin əməyi dövlət tərəfindən «1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə» və «1941-1945-ci illər Böyük Vətən müharibəsində fədakar əməyə görə» medalları ilə qiymətləndirilmişdir.

 

Müharibə veteranı, alim və vətəndaş Afad Qurbanov gərgin elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, respublikamızın ictimai-siyasi həyatında da fəal iştirak etmişdir. O, iki dəfə – 1981 və 1987-ci illərdə Bakı şəhər Sovetinin deputatı olduğu dövrlərdə səlahiyyətlərindən istifadə edərək Bakı şəhərinin bir sıra sosial-iqtisadi, elmi-mədəni problemlərinin həllinə nail olmuşdur.

 

İctimai xadim Afad Qurbanov 1990-1995-ci illərdə Azərbaycan Parlamentinin deputatı seçilmiş, millət vəkili kimi XX əsrin 90-cı illərində respublikamızın müstəqil həyat uğrunda çarpışdığı ictimai-siyasi mübarizələrin önündə getmiş, sərt və əyilməz mövqeyi ilə fərqlənmişdir. O, 1990-cı il Qanlı Yanvar hadisəsində törədilmiş vəhşiliklərə, erməni millətçilərinin Azərbaycan xalqının başına gətirdiyi fəlakətlərə qarşı öz haqq səsini qaldırmışdır.

 

İstedadlı alim, bacarıqlı təşkilatçı, xalqını, vətənini sevən həqiqi vətəndaş Afad Qurbanovun ictimai-siyasi fəaliyyətini dəyərləndirmək üçün onun deputat platformasının əsas tezislərinə nəzər yetirmək kifayətdir. Bu tezislərdə müstəqil Azərbaycan uğrunda, onun iqtisadi, siyasi və mədəni suverenliyi uğrunda mübarizəyə, Azərbaycan xalqının yeni latın qrafikalı əlifbaya keçməsinə və Azərbaycan dilinin dövlət dili kimi qanuniləşdirilməsi, onun geniş istifadəsinin təmin olunmasına can atan, vətənini ən inkişaf etmiş ölkələrin cərgəsində görmək istəyən bir insanın səmimi ürək döyüntüləri hiss olunur.

 

1992-ci il dönəmində Afad Qurbanov bir qrup xalq deputatı ilə birlikdə böyük öndərimiz Heydər Əliyevə qarşı təzyiqləri pisləyən bəyanatla çıxış etmişdir. Bəyanatın mətni «Səs» qəzetinin 17 dekabr 1992-ci il tarixli sayında da dərc olunmuşdur. Bəyanatda Heydər Əliyevin şəxsiyyət kimi Azərbaycan xalqı qarşısındakı xidmətləri, Azərbaycan tarixində tutduğu yer göstərilmiş, bəzi «siyasətçilərin» onu siyasətdən uzaqlaşdırmaq üçün Naxçıvan Muxtar Respublikasının muxtariyyətinin ləğv olunması barədə çağırışları milli xəyanət kimi dəyərləndirilmişdir.

 

Afad Qurbanov qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi və onların taleyi ilə həmişə maraqlanmış, onlara yardım etməkdə əməyini əsirgəməmişdir. Qaçqın və məcburi köçkün ailələrinin uşaqlarının təhsil problemi də Afad Qurbanovu daima düşündürən məsələlərdən olmuşdur. O, bu problemlərlə bağlı təkliflər irəli sürməklə yanaşı, həm də əməli cəhətdən bir çox işlər görməyə nail olmuşdur. 2004-cü ildə onun rəhbərliyi ilə köçkün uşaqların təhsil taleyi ilə bağlı bir sıra təsirli və maraqlı tədbirlər həyata keçirilmişdir.

 

Afad Qurbanov ictimai-siyasi fəaliyyəti ilə bağlı respublika xaricində, o cümlədən Türkiyə, Rusiya, İran və başqa ölkələrdə də xeyli işlər görmüş, müstəqil Azərbaycan Respublikasının qızğın təbliğatçısı olmuş, həqiqi ziyalı və vətəndaş funksiyalarını layiqincə yerinə yetirmişdir. Türkiyənin Ankara, İstanbul, Adana, Qeysəriyyə və Konya şəhərlərindəki mühazirələrində o, böyük ictimaiyyət qarşısında xalqımızın düşdüyü fəlakəti, onun səbəblərini, çıxış yollarını açıqlamışdır.

 

Qarabağ problemləri ilə bağlı Azərbaycan Parlamentindən Moskvaya göndərilmiş 5 nəfər deputatdan ibarət nümayəndə heyətinin üzvü kimi Kremldə Afad Qurbanov yaranmış vəziyyətlə əlaqədar öz mülahizələrini bildirmiş, vətəndaş və xalq elçisi mövqeyini açıqlamışdır. 1992-ci ildə Azərbaycan dövlət nümayəndə heyətinin tərkibində Yunanıstanda olmuş və Afinada keçirilən beynəlxalq konqresdə ölkəmizin vacib problemləri ilə bağlı çıxışlar etmişdir.

 

Görkəmli dilçi-alim, türkoloq və ictimai xadim, beynəlxalq və milli akademiyaların akademiki, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, Türk Dil Qurumunun şərəfli üzvü, dünyanın bir çox linqvistik və onomastik elmi təşkilatlarının həqiqi və ya fəxri üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Afad Məhəmməd oğlu Qurbanov bütün həyatı və şüurlu fəaliyyəti ilə vətənə, xalqına bağlı bir şəxsiyyət, həqiqi alim və əsl vətəndaş olmuşdur. O, həyatının sonunadək millətinə ləyaqətlə xidmət göstərmiş və gördüyü işlərlə adını Azərbaycanın tarixinə qızıl hərflərlə həkk etmişdir.