Bədii əsərlərin dilinin öyrənilməsində Afad Qurbanovun rolu

Yüzlərlə məqalə, neçə-neçə sanballı tədqiqat, cild-cild kitablar yazan professor A.Qurbanov çoxcəhətli elmi yaradıcılığa malik alimdir. Bu fikir onun haqqında yazılan məqalələrdə, əsərlərdə o qədər təkrar olunub ki, artıq aksioma kimi səslənir.

 

Professor Afad Qurbanovun elmi fəaliyyət sahəsi rəngarəng, tədqiqat meydanı geniş və əhatəlidir. Onun əsərləri elmiliyi, professionallığı ilə seçilir, müəllifin dərin, sərrast elmi təfəkküründən xəbər verir. Çoxcəhətli fəaliyyətə malik olan alim, professor Afad Qurbanovun yaradıcılığında bədii əsərlərin dilinin tədqiqi qırmızı bir xətt təşkil edir. Dil tarixinin tədqiqində bədii əsərlərin dilinin öyrənilməsinin xüsusi əhəmiyyəti vardır. O, elmi yaradıcılığa başladığı ilk illərdən Səməd Vurğun dramaturgiyasının dili üzərində araşdırmalar aparmış, «S.Vurğunun «Vaqif» pyesinin dili və üslubu» mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, bununla bərabər, bir çox klassiklərin, yüksək poeziya nümunələrinin dilini də tədqiq etmiş, ayrı-ayrı görkəmli sənətkarların dilə nəzəri-estetik münasibətlərini aydınlaşdırmışdır.

 

Bundan çıxış edərək ali məktəb tələbələri üçün «Bədii mətnin linqvistik təhlili» fənninə dair proqram və ilk dərsliyi də o hazırlamışdır. Bu fənnin dilçilik fənləri sistemində yeri və onlarla əlaqəsindən bəhs edən müəllif yazmışdır: «Bədii mətnin linqvistik təhlili» fənni «Üslubiyyat»dan sonra tədris edilərək onunla əlaqə yaradır, dil hadisələrinin təhlilində onun elmi nəticələrinə əsaslanır. Bu fənlərin qarşılıqlı münasibəti bir sıra mürəkkəb proseslərin açılmasına elmi şərait yarada bilər».

 

Dərslikdə orta məktəbdə tədris olunan klassik sənətkarlarımızın hər birinin bədii dil xüsusiyyətləri araşdırılaraq şərh olunur. Dərsliyin birinci hissəsi bədii mətnin linqvistik təhlilinin nəzəri məsələlərinə həsr edilmişdir. İkinci hissə isə linqvistik təhlil üçün mətnlər və linqvistik kommentariyalardan ibarətdir.

 

Afad Qurbanov bədii əsərlərin dilində onomastik vahidlərin poetik və üslubi xüsusiyyətlərini də tədqiq etməyi vacib hesab etmiş və bunun nəzəri-praktik cəhətlərini mükəmməl şəkildə işləmişdir. Cəsarətlə demək olar ki, poetik onomastikanın ilk tədqiqatçılarından biri də məhz Afad Qurbanov olmuşdur. Dilçiliyimizdə poetik onomastikadan ilk dissertasiyanın rəhbəri də prof. A.Qurbanovdur. Bu sahədə boşluğu daha aydın hiss edən alim bu istiqamətdə yaradıcılıq işini xeyli genişləndirmiş və bütün bunları «Poetik onomastika» adlı kitabında toplamaqla bəzi başqa sahələrdə olduğu kimi, dilçilərimizi bu məsələdə də qabaqlamışdır.

 

Məlumdur ki, hər bir tədris fənni müəyyən zərurət və ehtiyac əsasında, uzun illərin təcrübəsi, zəngin nəzəri düşüncə və müddəalara cavab kimi yaranır. Pedaqoji universitetlərin ali məqsədi gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan yüksək ixtisaslı kadrlar yetişdirməkdir. Deməli, hərtərəfli filoloqların hazırlanması üçün ədəbiyyatın dərindən öyrənilməsi, Azərbaycan dilinin incəliklərinin, zəngin imkanlarının ətraflı mənimsənil-məsi əsas şərtdir. Məhz bu tələblər Azərbaycan dilinin və Azərbaycan ədəbiyyatının sintezindən yoğrulmuş «Bədii mətnin linqvistik təhlili» adlı yeni fənnə ehtiyac doğurmuşdur. A.Qurbanov bu fənnin respublikamızın ali pedaqoji məktəblərində XX əsrin 70-ci illərinin II yarısında daha əsaslı şəkildə tədrisi üçün proqram və dərslik hazırlamışdır. Başqa sahələrdə olduğu kimi, bu fənn də təbii və qanunauyğun formada – elmi-nəzəri əsasları işləndikdən, metodiki cəhətləri yarandıqdan sonra linqvistik fənn hüququ qazanmış və tədris olunmağa başlanmışdır. Bu fənn hazırda Pedaqoji Universitetin bakalavr və magistrlərinə ayrıca fənn kimi tədris olunur.

 

Ümumiyyətlə, prof. A.Qurbanovun bədii dil məsələlərinə aid tədqiqatları, toxunduğumuz və toxunmadığımız mülahizə və fikirləri ədəbi əsərə, onun əsas ifadə vasitəsi olan dil materialına elmi-nəzəri cəhətdən əsaslandırılmış geniş filoloji yanaşmanın orijinal təzahürüdür.