Hər bir alimi şöhrətləndirən onun əsərlərinin kəmiyyət və keyfiyyətidir. Professor A.Qurbanov hər cəhətdən məhsuldar və elmi yaradıcılığı çoxcəhətli olan dilçi alimlərimizdən olmuşdur. Onun elmi fəaliyyətində üslubiyyat problemləri də müəyyən yer tutmuşdur. Bu məsələlərdən müəllif ilk dəfə özünün fundamental «Ümumi dilçilik» əsərinin II cildində bəhs etmişdir. Kitabın «Dil və üslubiyyat» adlanan IV fəsli bütövlükdə bu problemin tədqiqinə həsr edilmişdir.
1992-ci ildə nəşr etdirdiyi «Dil və üslub» əsəri də öz məzmunu və mahiyyəti, elmi yeniliyi ilə diqqəti xüsusi olaraq cəlb edir. Belə ki, burada üslubiyyat elm sahəsinin son nailiyyətləri əsasında həmin problemin ətraflı və müfəssəl şərhi xoşagələn tərzdə öz əksini tapmış, dil və üslub probleminin elmi həlli üçün qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Bu məsələdən bəhs edən müəllif çox düzgün olaraq qeyd edir: «Fikrimizcə, dil və üslub probleminin elmi həlli üçün yalnız müasir dil materiallarının deyil, qədim dillərin, abidələrin, müxtəlif elmi, dini, publisistik yazılı sənədlərin və eləcə də ayrı-ayrı tarixi mənbələrin üslubi əlamət və keyfiyyətləri də dərindən araşdırılmalıdır».
«Dil və üslub» əsərində A.Qurbanov öncə dil və üslub məsələsinə toxunur, üslubun geniş anlayış olub, bir sıra sahələrdə: musiqidə, rəssamlıqda, heykəltaraşlıqda, memarlıqda özünü göstərdiyini qeyd etmiş və həmçinin filoloji aləmdə üslub anlayışının müxtəlif çalarlı olmasının elmi izahını vermişdir.
Əsərin məziyyətlərindən biri də budur ki, tədqiqatçı linqvistik üslubiyyatın təkcə əlamət və xüsusiyyətlərindən danışmaqla kifayətlənməmiş, həmçinin onun növləri haqqında da məlumat verib göstərmişdir ki, dilçilik üslubiyyatının mövzu və məqsədindən asılı olaraq aşağıdakı növləri meydana gəlmişdir: a) ümumi və xüsusi üslubiyyat; b) nəzəri və təcrübi üslubiy-yat; c) təsviri, tarixi və müqayisəli üslubiyyat.
Dil, üslub və üslubiyyatın müasir aktual problemlərinin araşdırılmasına həsr edilmiş həmin əsərdə A.Qurbanov dil vahidlərinin üslubi imkanlarının açıqlanmasına da geniş yer vermişdir.
Mövcud dilçilik ədəbiyyatında üslubiyyata aid yazılmış əsərlərdə funksional üslubların növləri haqqında fikir müxtəlifliyi mövcuddur. Buna görə də hələ indəyə qədər Azərbaycan dilçiliyində üslubların sabit təsnifi yoxdur. A.Qurbanov belə bir vacib, zəruri və aktual məsələnin həllinə girişmiş, üslubların ağlabatan, məqbul (ümumqəbul) sayıla, hesab edilə bilən, elmi cəhətdən əsaslandırılmış dəqiq, vahid və sabit bir bölgüsünü müəyyənləşdirməyə səy göstərmişdir. O, əsərində müasir dövrdə funksional üslublardan bəhs etmiş və müasir Azərbaycan ədəbi dilinin materialları əsasında XX əsrin II yarısında funksional üslubların (üslub(i) meyar və sərhədlərinə əsaslandığına görə) haqlı olaraq aşağıdakı növlərinin olduğunu göstərmişdir: ədəbi danışıq üslubu, bədii üslub, elmi üslub, rəsmi üslub, publisistik üslub və epistolyar üslub. Göründüyü üzrə, dilimizin bu bölgüsü özünəməxsusluğu ilə fərqlənir. A.Qurbanovun dilin funksional üslublarına aid verdiyi bu bölgü tədris-metodik baxımdan münasib və məqsədəuyğun, elmi cəhətdən düzgündür.
Ümumilikdə prof. A.Qurbanovun dil, üslub və üslubiyyat problemlərinin tədqiqinə həsr olunan və elmin son nailiyyətləri əsasında qələmə alınan bu elmi əsərləri üslubiyyatın müasir aktual məsələləri, Azərbaycan ədəbi dilinin funksional üslubları və dil vahidlərinin üslubi imkanlarını yeni şərh və təsnifatda öyrənmək nöqteyi-nəzərindən diqqəti çəkən dəyərli və əhəmiyyətli mənbələr səviyyəsindədir.